Pages

Yaradılış ilə elm arasında nə cür əlaqə vardır?

Təkamül nəzəriyyəsi elmi tapıntılara tamamilə zidd iddiadır. XIX əsrin bəsit elmi biliyi ilə ortaya atılan bu nəzəriyyə XX və XXI əsrlərdə ardıcıl elmi kəşflərlə çürüdülmüşdür. 

Nəzəriyyəyə kor-koranə bağlanan təkamülçülər isə elmi əsasları qalmadığı üçün çarəni demaqoqluqda görürlər. Ən çox istifadə etdikləri demaqoq ifadə isə “yaradılış inancdır, elm deyil” şəklində şablon şüardır. İddialarına görə təkamül elmi nəzəriyyə, yaradılış isə bir inancdan ibarətdir. 

Əslində təkamülçülərin yeganə əsaslandırıcı şüarı olan “təkamül elmdir, yaradılış inancdır” ifadələri tamamilə yanlış düşüncə tərzindən qaynaqlanır. Bu ifadəni təkrarlayanlar elm ilə materialist fəlsəfəni bir-birilə qarışdırırlar. Elmin mütləq materializmin sərhədləri çərçivəsindən çıxmamasını, qeyri-materialist heç bir açıqlama verə bilməyəcəyini zənn edirlər. Ancaq bu gün elm özü materializmi rədd edir.

Maddəni tədqiq etmək materialist olmaq deyil


Mövzunu araşdırmaq üçün əvvəlcə materializmlə qısa şəkildə tanış olaq. Materializm qədim Yunanıstandan bəri mövcud olan bir fəlsəfədir və maddənin yeganə varlıq olduğu fərziyyəsinə əsaslanır. Materialist fəlsəfəyə görə maddə sonsuzluqdan bəri vardır, sonsuzluğa qədər də mövcud olacaqdır. Bu fəlsəfəyə görə maddədən başqa heç bir varlıq da yoxdur. Bu elmi iddia deyil, çünki təcrübəyə və müşahidəyə əsaslanmır. Sadəcə bir inancdır, ehkamdır.

Ancaq XIX əsrdə bu ehkam elmə tətbiq edilmiş və hətta elmin təməlinə çevrilmişdir. Ancaq elm materializmi qəbul etmək məcburiyyətində deyil. Elm kainatı və təbiəti tədqiq edir və hər hansı bir fəlsəfi məhdudiyyət olmadan nəticə çıxarır. 

Bu həqiqət qarşısında bəzi materialistlər tez-tez sadə bir kəlməni təkrar edirlər. “Elm sadəcə maddəni tədqiq edir, deməli, maddəçi, yəni materialist olmalıdır” deyirlər. Düzdür, elm sadəcə maddəni tədqiq edir, ancaq “maddəni tədqiq etmək” ilə “materialist olmaq” çox fərqli məfhumlardır. Çünki maddəni tədqiq etdikdə bu maddədə maddənin özü tərəfindən meydana gətirilməyəcək qədər böyük məlumat və yaradılış olduğu nəticəsinə gəlirik. 

Məsələn, bizdən əvvəl bir insanın girib-girmədiyini bilmədiyimiz bir mağara düşünək. Bu mağaraya girdikdə əgər sadəcə toz, torpaq, daşlar və s. tapsaq, “bu mağarada ancaq təsadüfi dağılmış maddələr var” deyə fikirləşərik. Ancaq əgər mağaranın divarlarında çox böyük ustalıqla çəkilmiş gözəl rəsmlər varsa, onda “bizdən əvvəl burada ağıllı bir varlıq olmuş, burada əsərlər meydana gətirmişdir” deyə düşünərik. O ağıllı varlığı heç görməsək də, varlığını əsərlərindən anlayarıq.

Elm materializmi çürütmüşdür

Elm də elə bu misaldakı üsul ilə təbiəti tədqiq edir. Əgər təbiətdə həqiqətən ancaq təbii amillərlə açıqlana biləcək bir nizam olsaydı, onda elm materializmi dəstəkləyərdi. Ancaq müasir elm təbiətdə əsla maddi amillərlə açıqlanması mümkün olmayan bir nizam olduğunu, bütün maddəyə hakim olan bir Yaradıcının var etdiyi qüsursuz yaradılışın olduğunu ortaya çıxarmışdır.


Məsələn, bütün müşahidə və təcrübələr maddənin öz-özünə həyat əmələ gətirə bilmədiyini, ona görə də həyatın metafizik yaradılışdan qaynaqlandığını sübut edir. Bu istiqamətdə keçirilən bütün təkamülçü təcrübələr uğursuzluqla nəticələnmişdir. Əsla cansız maddədən canlı əmələ gətirilməmişdir. Amerikalı təkamülçü bioloq Əndru Skot məşhur “Nyu Sayentist” jurnalında bu mövzu ilə bağlı etiraf edir:

Bir az maddə götürün, qarışdırın, isidin və gözləyin. Bu, həyatın mənşəyinin müasir versiyasıdır. Yerin cazibə qüvvəsi, elektromaqnetizm, zəif və güclü nüvə qüvvələri kimi “təməl” güclər qalanını həll edəcəkdir... Bəs bu asan hekayənin nə qədəri sağlam əsaslara dayanır və nə qədəri ümidə əsaslanan şübhələrə bağlıdır? Əslində ilk kimyəvi maddələrdən canlı hüceyrələrə qədər olan bütün mərhələlərin bütün mexanizmləri ya mübahisəlidir, ya da tamamilə qaranlıq qalmışdır.


Həyatın mənşəyi şübhə və mübahisəyə əsaslanır, çünki materialist doqma həyatın maddədən əmələ gəldiyini hesab edir. Ancaq elmi faktlar maddənin bu cür bacarığı olmadığını göstərir. Bu barədə tanınmış şəxs, elmi xidmətlərilə ingilis hökumətindən “Ser” titulu almış astronom və riyaziyyatçı Prof. Fred Hoyl belə izah verir:

Əgər həqiqətən maddənin içində onu həyata doğru itələyən bir daxili prinsip olsaydı, bunu laboratoriya mühitində asanlıqla üzə çıxarmaq mümkün olardı. Bir tədqiqatçı bəsit şorbanı təmsil edən bir üzgüçülük hovuzunu təcrübə üçün istifadə edə bilərdi. Belə bir hovuzu istədiyiniz hər cür cansız kimyəvi maddələrlə doldurun. Ona istədiyiniz qazı vurun, ya da üzərinə istədiyiniz radiasiyanı verin. Bu təcrübəni illərlə davam etdirin və (həyat üçün lazım olan) 2000 fermentdən neçə dənəsini sintez etdiyini yoxlayın. Mən sizə cavabı indidən verirəm və beləliklə, bu təcrübəyə vaxtınızı sərf etməyin: bəlkə meydana gələcək bir neçə amin turşusu və digər bəsit kimyəvi maddələrdən başqa qətiyyən heç bir şey tapa bilməyəcəksiniz.


Əslində materializmin müəmması daha böyükdür. Maddə nəinki öz-özünü əmələ gətirməyi, insan şüuru ilə birləşdikdə həyatı belə əmələ gətirə bilmir. Çünki bu gün bəşəriyyət bütün bilik və texnologiyaya baxmayaraq cansız maddədən həyat əmələ gətirə bilmir. 

Burada qısa xülasəsini verdiyimiz həqiqət budur ki, maddə öz-özünə heç cür yeni bir maddə və məlumat əmələ gətirə bilməyəcəkdir. Kainatda və canlılarda isə fövqəladə mürəkkəb yaradılış dəlilləri və bilik vardır. Bu da bizə kainatdakı və canlılardakı bütün qüsursuzluğun və fövqəladə biliyin bütün maddəyə hakim olan, maddədən əvvəl də var olan, sonsuz güc və ağıl sahibi Allahın əsəri olduğunu göstərir.

Diqqət etsək görərik ki, bu tamamilə elmi nəticədir. Bu “inanc” deyil, kainatın və canlıların müşahidəsilə dərk edilən həqiqətdir. Ona görə də təkamül nəzəriyyəsi tərəfdarlarının ortaya atdığı “təkamül elmidir, yaradılış isə elmdən kənar inancdır” iddiası səthi yalandan ibarətdir.

XIX əsrdə materializmin elmə qarışdırıldığı, elmin materializmin ehkamlarına uyğun gəlməsi üçün təhrif edildiyi doğrudur. Ancaq XX və XXI əsrdəki irəliləyişlər bu fəlsəfəni məhv etmiş və materializm tərəfindən gizlədilən yaradılış gerçəyini üzə çıxarmışdır. Tanınmış “News Week” jurnalının 27 avqust 1998-ci il tarixli buraxılışında verdiyi “Elm Allahı tapır” başlığı ilə ifadə edildiyi kimi materialist xətalardan sonra elm bütün kainatın və canlıların yaradıcısı olan Allahı tapmışdır.