Müxtəlif insan irqlərinin olmasını bəzi təkamül tərəfdarları təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia da əslində daha çox müdafiə etdikləri nəzəriyyəni belə kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən dilə gətirilir.
Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlamışsa, bir-birindən fərqlənən irqlər necə meydana çıxmışdır” sualına əsaslanır. Başqa sözlə, “Hz. Adəm və Hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıxmışdır?” deyirlər.
Əslində bütün bu sualların və ya etirazların arxasında duran problem genetika elmi haqqında məlumat azlığı və ya genetik qanunların gözardı edilməsidir. Bu gün yer üzündəki insanlar arasındakı irq müxtəlifliyinin səbəbini anlamaq üçün əvvəlcə bu sualla yaxından əlaqədar olan “variasiya” mövzusu haqqında ümumi məlumata yiyələnmək lazımdır.
Variasiya genetikada istifadə edilən bir termindir və “müxtəliflik” mənasını verir. Bu genetik hadisə bir canlı növündəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Variasiyaların mənbəyi isə o növün daxilindəki fərdlərin malik olduğu genetik məlumatdır. Bu fərdlərin aralarındakı cütləşmələr nəticəsində bu genetik məlumat yeni nəsillərə fərqli kombinasiyalarda birləşir. Ana və atanın xromosomları arasında genetik maddə mübadiləsi olur. Beləliklə, genlər bir-birilə qarışır. Bunun nəticəsində bu fərdin fiziki xüsusiyyətlərində müxtəliflik əmələ gəlir.
İnsan irqləri və insanlar arasındakı bir-birindən fərqli fiziki xüsusiyyətlər də insan növünə aid “variasiyalar”dır. Yer üzündəki insanların hamısı əsasən eyni genetik məlumata malikdirlər, ancaq bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin də boyu qısadır.
Variasiya potensialını başa düşmək üçün sarışın və mavi gözlü fərdləri olan cəmiyyət ilə qarabuğdayı və qara gözlü fərdlərin çoxluq təşkil etdiyi cəmiyyəti nəzərdən keçirək. Hər iki cəmiyyətin zaman ərzində bir-birnə qarışmaları və aralarındakı evliliklər nəticəsində ortaya qarabuğdayı və mavi gözlü yeni nəsillərin çıxacaq. Yəni hər iki cəmiyyətin müəyyən fiziki xüsusiyyətləri yeni nəsilllərdə bir-birilə cütləşərək fərqli görünüşlü fərdlər meydana gətirəcəkdir. Digər fiziki xüsusiyyətlərin də bir-birilə qarışdıqlarını nəzərə alsaq, ortaya çox böyük müxtəlifliyin çıxacağı aşkar olar.
Burada bir cəhət nəzərdən qaçmamalıdır: hər fiziki xüsusiyyəti müəyyən edən iki gen var. Bunlardan biri resessiv, digəri dominant və ya hər ikisi də eyni dərəcədə dominant ola bilər. Məsələn, insanın göz rəngini müəyyən edən iki gen var. Bunlardan biri anadan, digəri isə atadan gəlir. Dominant olan gen hansıdırsa, uşağın göz rəngini o gen müəyyən edir. Əsasən tünd rənglər açıq rənglərlə müqayisədə dominantdır. Buna görə də bir insanda yaşıl və qara göz rənglərinə aid genlər varsa, o insanın gözü qara rəngin geni daha dominant olduğu üçün qara olur. Lakin resessiv olan yaşıl rəng daha sonrakı nəsillərə ötürülərək sonrakı nəsildə ortaya çıxa bilər. Yəni anası və atası qara gözlü olan bir uşağın gözü yaşıl ola bilər. Çünki bu rəngin genləri ana və atada resessivdir.
Bu qayda bütün digər fiziki xüsusiyyətlər və onları müəyyən edən genlərə də aiddir. Qulaq, burun, ağız forması, boy uzunluğu, sümük quruluşu, bədən üzvlərinin və orqanların quruluşu, forması, xüsusiyyətləri və s. kimi yüzlərlə, hətta minlərlə xüsusiyyət bu cür müəyyən edilir. Elə bu xüsusiyyətə görə genetik quruluşda yer alan saysız-hesabsız məlumat o fərdin xarici görünüşünə təsir etmədən sonrakı nəsillərdə üzə çıxa bilər.
İlk insan olan Hz. Adəm və arvadı da genetik quruluşlarındakı zəngin məlumatı öz xarici görünüşlərində ancaq bir qisminin üzə çıxmasına baxmayaraq, sonrakı nəsillərə ötürmüşlər. Bəşəriyyət tarixində ortaya çıxan coğrafi dəyişikliklər müxtəlif insan qruplarında müəyyən xüsusiyyətlərin toplanması üçün uyğun şərait yaratmışdır. Bu proses uzun zaman ərzində insan qruplarının sümük quruluşu, bədən rəngi, boy, kəllə sümüyünun həcmi kimi xüsusiyyətlərinin bir-birindən fərqlənməsinə gətirib çıxarmışdır. Nəticədə irqlər meydana çıxmışdır.
Ancaq bu uzun proses, əlbəttə, növ müxtəlifliyi gətirməmişdir. Boyu, bədən rəngi, kəllə sümüyünün həcmi nə olursa olsun, bütün irqlər insan növünün bir hissəsidir.