Darvin XIX əsrin ortalarında nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəlində həyatın mənbəyini araşdıran elm adamları isə təkamül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırladı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmayacağı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edildi.
Təsadüf iddiasının çürüməsi və canlıların “yaradıldığının” başa düşülməsilə bəzi elm adamları həyatın mənşəyini kosmosda axtarmağa başladılar. Fred Hoyl və Çandra Uikramasinkh bu iddianı ortaya atan elm adamları arasında ən məşhurlarıdır. Bu iki alim birlikdə qurduqları ssenaridə kosmosda həyat üçün “mayalandıran” bir güc olduğunu irəli sürdülər. Hoyl-Uikramasinkhin ssenarisinə görə bu toxumlar kosmos boşluğunda yerləşən qaz və ya toz buludları və ya meteorit ilə daşınaraq yer üzünə çatmış və burada həyat əmələ gətirmişlər.
DNT-nin varlığını üzə çıxaran elmi fəaliyyətilə məşhurlaşaraq Nobel mükafatı qazanan Frensis Krik də həyatın mənbəyini kosmosda axtaran alimlərdəndir. Krik canlıların yer üzündə təsadüflərlə əmələ gəlməsinin ağılsız düşüncə olduğunu anlamış, lakin bu dəfə də yer üzündəki həyatın “dünyadankənar” ağıllı varlıqlar tərəfindən əmələ gətirildiyini iddia etmişdir.
Göründüyü kimi, həyatın kosmosdan gəlməsi fikri elm dünyasının vacib şəxslərini də təsiri altına almışdır. Bu gün həyatın mənşəyindən bəhs edən müxtəlif məqalə və mübahisələrdə bu məsələ tez-tez gündəmə gətirilir. Həyatın başlanğıcını kosmosda axtaran görüşü iki əsas baxış tərzinə görə nəzərdən keçirmək məsələyə aydınlıq gətirəcəkdir.
Elmi uyğunluq
Kosmosda mövcud olan qaz və toz buludları ilə Yerə çatan meteoritlərin tədqiq edilməsi həyatın kosmosda başladığı tezisini dəyərləndirmək üçün bir açardır. Çünki bu kosmik cisimlərdə həyatın kosmosda mayalanma yolu ilə dünyadankənar varlıqlar tərəfindən əmələ gətirildiyi iddiasını dəstəkləyən və ya təsdiq edən heç bir dəlilə rast gəlinməmişdir. Bu mövzuda bu günə qədər aparılan bütün araşdırmalar nəticəsində bu cisimlərdə bəzi çox bəsit üzvi maddələrdən başqa canlılarda yerləşən hər hansı mürəkkəb molekul müəyyən edilməmişdir. Bu cisimlərdə müəyyən edilən üzvi maddələrin həyat üçün heç bir əhəmiyyəti yoxdur.
Bundan əlavə, bu maddələrdə canlıları əmələ gətirən molekullardakı asimmetriya da yoxdur. Məsələn, canlıların əsasını təşkil edən zülalları əmələ gətirən amin turşuları nəzəri cəhətdən sağ-əlli və ya sol-əlli olaraq iki yerə ayrılırlar. Ancaq zülalların əmələ gətirilməsində yalnız sol-əlli amin turşuları yer alır. Meteortilərdakı bəsit üzvi molekullarda (canlıların quruluşundakı kimyəvi molekullar) isə bu cür nizamlı quruluş deyil, nizamsızlıq vardır.
Kosmosdakı cisim və maddələrin yer üzünə həyat gətirdikləri tezisinin qarşısında duran maneələr bununla qurtarmır. Bu tezisi müdafiə edənlər bu cür proseslin bu gün nə üçün baş vermədiyini açıqlaya bilmirlər. Çünki Yerə meteorit yağışı bu gün də davam edir. Ancaq bu cisimlərin araşdırılması “mayalama” tezisini təsdiqləyəcək dəlil üzə çıxarmır.
Bu tezisi müdafiə edənlərin qarşısındakı digər mühüm sual da budur: həyatın kosmosda bir şüur tərəfindən meydana gətirilərək Yerə çatması qəbul edilsə belə yer üzündəki milyonlarla müxtəlif canlı növü necə əmələ gəlmişdir? Bu çıxılmaz vəziyyət həyatın kosmosda başladığını iddia edənlərin qarşısında duran ən böyük əngəldir.
Bütün bunlarla bərabər kainatda yer üzündəki həyatı əmələ gətirdiyi iddia edilən hər hansı bir sivilizasiya və ya varlığa aid izə də rast gəlinməmişdir. Xüsusilə son 30 il ərzində sürətlə irəliləyən astronomik müşahidə və araşdırmalar nəticəsində kainatda Yerdə həyat əmələ gətirəcək bir sivilizasiyaya aid heç bir iz tapılmamışdır.
“Yad planetlilər” tezisinin arxa planı
Dünyadan kənar varlıqların yer üzündə həyatı əmələ gətirdiyi tezisi göründüyü kimi heç bir elmi təmələ əsaslanmır. Bu tezisi təsdiq edən və ya dəstəkləyən heç bir tapıntı yoxdur. Ancaq bu tezisi ortaya atan elm adamları belə bir axtarışa başlayarkən əslində mühüm bir həqiqəti gördükləri üçün başlamışlar.
Bu həqiqət yer üzündə həyatın başlanğıcını təsadüflərdə axtaran nəzəriyyənin müdafiə edilməsinin mənasız olduğudur. Canlı formalarda və hüceyrədəki mürəkkəbliyin ancaq şüurlu yaratmanın əsəri olduğu başa düşülür. Belə ki, həyatın mənşəyini kosmosdakı şüurda axtaran elm adamlarının qabaqcıllarının ixtisaslaşma sahələrinin də təsadüf məntiqini inkar etmələri haqqında ipucu verir. Hər ikisi Nobel mükafatı almış elm adamlarından Fred Hoyl astronom və bioriyaziyyatçı, Frensis Krik isə molekulyar bioloqdur.
Burada o cəhət də var: həyatın mənşəyini kosmosda axtaran elm adamları həyatın başlanğıcı mövzusuna yeni şərh gətirmirlər. Məlumdur ki, təkamül nəzəriyyəsi həyatın yer üzündə təsadüflər nəticəsində ortaya çıxdığını müdafiə edir. Hoyl, Uikramasinkh, Krik kimi alimlər də bu cür təsadüfi əmələ gəlmənin mümkün olmadığını gördükdə, həyatın kosmosdan gəlməsi fikrinə düşmüşlər. Həyatın təsadüflər nəticəsində meydana gəlməsinin mümkünsüzlüyü yer üzü üçün olduğu kimi kosmos üçün də keçərli olduğuna görə şüurlu yaratmanın varlığını qəbul etmək məcburiyyətində qalmışlar.
Ancaq bu şüurlu yaratmanın mənbəyi barədə ortaya atdıqları “yad planetlilər” tezisi son dərəcə ziddiyyətli və mənasızdır. Müasir fizika və astronomiya kainatımızın bundan 12-15 milyard il əvvəl “Böyük partlayış” adlandırılan partlayış ilə meydana gəldiyini üzə çıxarmışdır. Kainatdakı hər cür maddi varlıq da bu dövr ərzində ortaya çıxmışdır. Beləliklə, Yerdəki həyatın mənşəyini kainatdakı başqa bir maddi mənşəli həyatda axtaran bir düşüncə kosmosda mövcud olduğunu iddia etdiyi həyatın necə meydana gəldiyini də açıqlamalıdır. Bu cür qiymətləndirmə məsələni həll etməyib geri çəkilməyə gətirib çıxarır. (ətraflı məlumat üçün bax: Harun Yəhya, Kainatın Yaradılışı, Zamansızlıq və qədər həqiqəti kitabları)
Göründüyü kimi “kosmosdan gəlmə” tezisi təkamül nəzəriyyəsini dəstəkləmir, əksinə, təkamülün mümkün olmadığını üzə çıxarır və həyat üçün şüurlu yaradılışdan başqa bir açıqlama olmayacağını qəbul edən görüşdür. Bu tezisi ortaya atan elm adamları doğru əsasa istinad edərək səhv yola düşmüşlər və şüurlu yaradılışın mənbəyini kosmosda axtarmaq kimi mənasız fikrə düşmüşlər.
Ancaq şüurlu yaradılışın mənbəyinin “yad planetlilər” kimi anlayış olmadığı açıqdır. Bir anlıq yad planetlilərin olduğunu fərz etsək belə onların özlərinin də təsadüfən ortaya çıxmadıqları, ancaq şüurlu şəkildə yaradıldıqları aydındır (çünki fizika və kimya qanunları kainatın hər yerində eynidir və bu qanunlar həyatın “təsadüfən” əmələ gəldiyini təsdiqləmir). Bu da kosmosu, kainatı və onların içindəki hər cür varlığı hər şeyin fövqündə, heç nəyə tabe olmayan, maddədən və zamandan asılı olmayan, üstün elm, qüdrət və ağıl sahibi olan Allahın yaratdığını göstərir.