Pages

Təkamül nəzəriyyəsinin çürüdülməsi yaradılışın doğruluğunu necə göstərir?



Həyatın yer üzündə necə meydana gəldiyini soruşduqda qarşımıza iki fərqli cavab çıxır:

- Bu cavablardan birincisi canlıların təkamül yolu ilə meydana gəlməsidir. Bu iddianın tərəfdarı olan təkamül nəzəriyyəsinə görə həyat təsadüflərlə ortaya çıxan ilk hüceyrədən başlamışdır. Bu canlı hüceyrə də yenə təsadüflər nəticəsində inkişaf edərək təkamül keçirmiş və şaxələnərək dünyadakı milyonlarla fərqli növü əmələ gətirmişdir.

- İkinci cavab isə “Yaradılış”dır. Canlıların hamısını bütün kainata hakim olan Allah yaratmışdır. Təkamüllə meydana gəlməsi heç cür mümkün olmayan həyat və milyonlarla canlı növü bu günkü kimi əksiksiz, qüsursuz və üstün yaradılışa malikdir. Ən bəsit görünən canlı növlərinin belə öz-özünə, təbii şərtlərlə və təsadüflərlə əmələ gəlməyəcək qədər mürəkkəb quruluş və sistemlərə malik olması bunun açıq dəlilidir.

Bu iki yoldan başqa həyatın necə meydana gəldiyi ilə bağlı bu gün irəli sürüləcək üçüncü bir iddia, nəzəriyyə, hətta hər hansı fərziyyə belə yoxdur. Məntiq qanunlarına əsasən iki cavabı olan sualın cavablarından birinin tamamilə səhv olduğu nəzərə alınarsa, digər cavabın tamamilə doğru olduğu başa düşülür. Ən əsas məntiq qanunlarından biri olan bu qanuna “alternativə görə nəticə çıxarma” (modus tolendo ponens) adı verilir. 

Yəni əgər yer üzündəki canlı növlərinin təkamülçülərin iddia etdiyi kimi təsadüflər nəticəsində təkamül keçərək meydana çıxmadığı sübut edilərsə, bu, canlıların bir Yaradan tərəfindən yaradıldıqlarını qəti surətdə sübut edər. Təkamül nəzəriyyəsini müdafiə edən elm adamları da “üçüncü alternativ” olmadığını qəbul edirlər. Onlardan biri olan Duqlas Futuyma bunu aşağıdakı sözlərilə ifadə edir:

"Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz şəkildə ortaya çıxmışlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçərək meydana gəlmişlər. Əgər qüsursuz və mükəmməl şəkildə ortaya çıxmışlarsa, onda üstün ağıl tərəfindən yaradılmalıdırlar."

Təkamülçü Futuymanın bu sözlərinin cavabını fosilləri öyrənən elm verir. Bu elm (paleontologiya) bütün canlı qruplarının fərqli zamanlarda, birdən-birə və mükəmməl formada yer üzünə çıxdıqlarını göstərir.

Yüz ildən çox davam etdirilən arxeoloji qazıntılarda və tədqiqatlarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, qüsursuz şəkildə ortaya çıxdıqlarını, yəni “yaradıldıqlarını” göstərir. Bakteriyalar, onurğasız dəniz canlıları, balıqlar, yumşaqbədənlilər, buğumayaqlılar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və ya məməlilər ani surətdə mürəkkəb orqan və sistemlərilə yer üzünə çıxmışlar. Aralarında bir-birinə keçid olduğunu göstərən fosillər də yoxdur. Paleontologiya da digər elm sahələrinin verdiyi məlumatı verir: canlılar təkamül keçməyiblər, yaradılıblar. Nəticədə təkamülçülər həqiqətdənkənar nəzəriyyələrini sübut etməyə çalışarkən öz əllərilə yaradılış gerçəyinin dəlillərini ortaya çıxarmışlar.

Məşhur ingilis paleontoloq Derek V. Eycer təkamülçü olmasına baxmayaraq təkamül nəzəriyyəsinin bütün iddialarını əsassız edən bu açıq həqiqəti belə etiraf edir:

"Problem budur: fosil izlərini istər növlər, istərsə siniflər səviyyəsində hərtərəfli şəkildə tədqiq etdikdə daima eyni həqiqətlə qarşılaşırıq; mərhələli təkamüllə deyil, birdən-birə yer üzündə əmələ gələn qrupları görürük."

Kembri dövrü təkamül nəzəriyyəsini yıxmaq üçün kifayətdir


Canlılar aləmi bioloqlar tərəfindən bitkilər, heyvanlar, göbələklər kimi təməl “aləmlərə” ayrılır. Onlar da öz aralarında əvvəlcə müxtəlif “sinif”lərə bölünürlər. Bu siniflər tədqiq edilərkən hər birinin tamamilə fərqli bədən quruluşlarına malik olduğu aşkar olur. Məsələn, artropodlar (buğumayaqlılar) özlərinə xas bir sinifdir və bu sinfə aid edilən bütün canlılar bənzər bədən quruluşuna malikdir. Xordalılar adlanan sinif isə mərkəzi sinir sisteminə malik olan canlıları əhatə edir. Bizə məlum olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi heyvanları hamısı xordalıların yarımsinfi olan onurğalılar kateqoriyasına daxildir. 

Heyvanların fərqli sinifləri arasında osminoqlar kimi yumşaq bədənli canlıları əhatə edən molyuskkimilər sinfi və ya girdə soxulcanları əhatə edən nematodlar (girdə qurdlar) sinfi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən əsas xüsusiyyəti isə, əvvəldə də dediyimiz kimi, tamamilə fərqli orqanizmlərə malik olmasıdır.

Bəs bu canlılar necə ortaya çıxmışlar?

Əvvəlcə təkamül nəzəriyyəsinin bu barədəki fərziyyəsini nəzərdən keçirək. Məlumdur ki, bu nəzəriyyə canlıların ortaq bir əcdaddan başlanğıcını götürdüyünü və kiçik dəyişikliklərlə fərqləndiyini irəli sürür. Onda canlılar lap əvvəl bir-birinə çox bənzər və bəsit formalarda ortaya çıxmalı, sonra zaman ərzində inkişaf edib şaxələnməliydilər.


Yəni, təkamül nəzəriyyəsinə görə canlılar tək bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə təkidlə vurğulanır və “həyat ağacı” məvhumu tez-tez istifadə edilir. Bu həyat ağacına görə, əvvəl təkcə bir sinif əmələ gəlməli, sonra digər siniflər kiçik dəyişiklərlə və uzun zaman mərhələləri ərzində hissə-hissə üzə çıxmalıdır.

Təkamül nəzəriyyəsinin iddiası budur. Bəs həqiqətən belə olub?


Əsla. Əksinə, heyvanlar ilk ortaya çıxdıqları dövrdən etibarən çox fərqli və mürəkkəb quruluşlara malikdirlər. Bu gün məlum olan bütün heyvan sinifləri yer üzündə eyni anda, Kembri dövrü adlanan geoloji dövrdə üzə çıxmışlar. Kembri dövrü yaşı 530-520 milyon il hesablanan 10 milyon illik geoloji dövrdür. Bu dövrdən əvvəlki fosil izlərində tək hüceyrəli canlılar və çox bəsit bir neçə çox hüceyrəlilərdən başqa heç bir canlının izinə rast gəlinmir. Kembri dövrü kimi son dərəcə qısa bir dövr ərzində isə (10 milyon il geologiji cəhətdən çox qısa zaman mərhələsidir) bütün heyvan sinifləri tamamilə qüsursuz halda bir anda ortaya çıxmışlar!


Kembri qayalıqlarında tapılan fosillər ilbizlər, tribolitlər, süngərlər, soxulcanlar, meduzalar, dənizulduzları, molyusklar, dəniz zanbaqları kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların çoxunda dövrümüzdəki nümunələrində heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi mürəkkəb sistemlər, inkişaf etmiş fizioloji quruluşlar vardır. Bu quruluşlar həm çox mürəkkəb, həm də çox fərqlidir. Təkamülçü ədəbiyyatın məşhur jurnallarından “Yer Elmləri” jurnalının redaktoru Riçard Monestarski Kembri Partlayışı haqqında bu məlumatları verir:


"Bu gün gördüyümüz olduqca mürəkkəb heyvan formaları anidən ortaya çıxmışlar. Bu an Kembri dövrünün əvvəlinə təsadüf edir ki, dənizlərin və yer üzünün ilk mürəkkəb məxluqlarla dolması bu təkamülçü partlayışla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasızlar erkən Kembri dövründə onsuz da var idi və yenə bu gün olduğu kimi bir-birindən çox fərqlidir."

Darvinizmin dünya səviyyəsindəki ən məşhur tənqidçilərindən biri olan Berkeli Universitetinin professoru Filip Conson paleontologiyanın ortaya qoyduğu bu həqiqətin Darvinizmlə açıq ziddiyyətini belə açıqlayır:

"Darvinist nəzəriyyə həyatın bir növ “getdikcə çoxalan fərqlilik üçbucağı” içində təkmilləşdiyini irəli sürür. Buna əsasən canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq getdikcə fərqlənməli və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ gətirməlidirlər. Lakin heyvan fosilləri bizlərə bu üçbucağın əslində başıaşağı dayandığını göstərir: siniflər elə əvvəldən hər zaman birlikdə var olmuşdur, sonradan getdikcə sayları azalır."

Filip Consonun bildirdiyi kimi siniflərin mərhələli şəkildə əmələ gəlməsi bir tərəfə, bütün siniflər bir anda mövcud olmuşlar, hətta sonrakı dövrlərdə bəzilərinin nəsli kəsilmişdir. Çox fərqli canlıların bir anda və qüsursuz şəkildə ortaya çıxmalarının mənası isə, təkamülçü Futuymanın da qəbul etdiyi kimi, yaradılışdır.

Göründüyü kimi əldə olan bütün elmi tapıntılar təkamül nəzəriyyəsinin iddialarının əsassız olduğunu və yaradılış gerçəyini göstərir.